İDMAN


Rəşad Sadıqov: Maraqlı oyun alındı

Rəşad Sadıqov: Maraqlı oyun alındı

Bakı, 9 aprel, Nicat Məmmədov, AZƏRTAC

Maraqlı oyun alındı, rəqib bu matçda səhvlərimizə qarşı amansız idi.

AZƏRTAC xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Sabah"a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXII tur oyunundan sonra mətbuat konfransında deyib.

Qırx yaşlı mütəxəssis birinci hissədə rəqibə üstünlük vermədiklərini bildirib: "Ucuz qollar buraxdıq. Futbolçulardan narazı qala bilmərəm. Kim səhvlərdən daha yaxşı istifadə etsə, o da qələbə qazanacaq. Çox kobud səhvlər etdik. Bunlar oyunun dəyərinə və qiymətinə yaraşmadı. Belə olan halda qələbə qazanmaq müşkülə çevrilir".

Sadıqov birinci hissənin sönük alındığını söyləyib: "Sabah"a qarşı ilk yarıda istədiyin oyunu sərgiləmək çətindir. Amma səbirli davranıb müəyyən dəqiqələr keçdikdən sonra bu komandaya qarşı istədiyin oyunu nümayiş etdirmək olar. Ani diqqətsizlikdən hissənin sonunda qapımıza cərimə zərbəsi təyin olundu. Rəqib standart vəziyyətlərdə təhlükəlidir. Bu komandaya üstünlük verdikdən sonra görüşün taleyini dəyişmək asan deyil. Amma buna baxmayaraq hesabı bərabərləşdirdik. Görüş bizim üçün pis getmirdi. Daha sonra müdafiədə səhvlər oldu və rəqibin heyətində yetəri qədər usta futbolçular var ki, bunu bağışlamır".

Baş məşqçi komandasının buraxılan ilk qoldan sonra xarakter nümayiş etdirdiyini diqqətə çatdırıb: "Təhlükəli hücumlarımız oldu. Rəqib yaxşı müdafiə olunurdu və fərqlənməyimizə imkan vermədi. Komandanın çıxışından razıyam, yaxşı oyunlarımızdan birini keçirdik".

Mütəxəssis Davit Volkovun ürəksiz oynamadığını söyləyib: "O, çox yaxşı insandır. Özü ilə söhbətlərimiz olub. Təkliflərin olması və millinin aparıcı üzvlərindən birinə çevrilməsi psixoloji cəhətdən futbolçuya təsir edir. Mənim üçün oyunçunun qol vurub-vurmaması əsas göstərici deyil. Həmişə qol imkanlarından istifadə etmək mümkün deyil".

Sadıqov avrokuboklara vəsiqə qazanmaq istədiklərini deyib: "Bunun üçün sıx qrafikə hazır olmalıyıq. Heyətdə təcrübəli futbolçularımız var. Hazırda üçüncü pillədəyik. Qış fasiləsindən sonraya nəzər salsaq, uğurlu çıxış etdiyimizi deyə bilərik. Çox çətin qrafikə düşmüşdük. Bu matçlarda xal itkilərimiz gözlənilən idi. Yolumuza davam etməli və növbəti görüşləri düşünməliyik".

Baş məşqçi hakimlik haqqında danışmaq istəmədiyini söyləyib: "Keçmişdə olanlar heç nəyi dəyişməyəcək. Danışsaq, boş yerə əhvalımızı korlayacağıq. Önümüzə baxmalıyıq. Neqativ şeyləri kənara qoymalı və özümüzü düşünməliyik".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.