ELM VƏ TƏHSİL
Rəsədxana əməkdaşları Fransada ezamiyyətdə
Bakı, 17 iyun, AZƏRTAC
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Zümrüd Vidadi və Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin kiçik elmi işçisi Şəbnəm Ağayeva GRANDMA (Global Rapid Advanced Network Devoted to the Multi-messenger Addicts) beynəlxalq layihəsi ilə əlaqədar Fransanın Nitse şəhərində yerləşən “Cote D'Azur” Rəsədxanasında elmi ezamiyyətdədirlər.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
İyun ayında GRANDMA layihəsi çərçivəsində 4-cü beynəlxalq konfrans keçirilib. Tədbirdə iştirak edən rəsədxana əməkdaşları konfransda məruzə ilə çıxış ediblər. Şəbnəm Ağayeva “Tutulan qoşa ulduzlar sistemi və Volf-Raye tipli ulduzlar”, Zümrüd Vidadi “Şamaxı Astrofizika Rəsədxanasının müşahidələri. T Buğa tipli ulduzlar və fotometriya üsulları” mövzusunda məruzə ediblər.
Rəsədxananın əməkdaşları hazırda “Cote D'Azur”da 3 həftə davam edəcək təcrübə proqramında iştirak edirlər. Təcrübə proqramında ən müasir proqramların tədrisi həyata keçilir. Müşahidə materiallarını işləmək və müxtəlif hesablamalar aparmaq üçün “STDpipe” adlanan əməliyyat üzərindən “Python”da hesablamalar aparılır. Alınan hesablamalar MNRAS (Monthly Notices of the Royal Astronomical Society) jurnalında dərc olunacaq məqalənin tərtibi üçün toplanılır. Həmin məqalənin bir hissəsinin tərtib olunması da Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları tərəfindən yerinə yetirilir.
GRANDMA həm fotometrik, həm də spektroskopik qurğulara malik teleskoplardan ibarət beynəlxalq şəbəkədir. Şəbəkə tranzient (keçici) hadisələrin tədqiqini artırmaq və ilkin aşkarlama ilə optik təsdiqləmə arasındakı gecikməni azaltmaq üçün səmanın astronomik müşahidələrini əlaqələndirmək məqsədi daşıyır. GRANDMA proqramı əsasən LİGO və Virgo detektorlarının üçüncü müşahidə kampaniyası zamanı elektromaqnit analoqunu tapmaq və xarakterizə etmək üçün qravitasiya dalğası siqnallarının tədqiqinə diqqət yetirir. Neytrinolar və ya qamma-şüa partlamaları ilə bağlı istənilən tranzient xəbərdarlıqları, hətta fəza lokalizasiyası zəif olanları da izləməyə imkan verir.