DÜNYA
Rəsmi Praqa qaçqınlara dair icbari kvotalarla razılaşmır
Praqa, 5 sentyabr, AZƏRTAC
Çex Respublikasının Baş naziri Boquslav Sobotka “Prima” telekanalının “Partie” proqramında bir daha təkrarlayıb ki, Avropa İttifaqı (Aİ) ölkələri arasında miqrantların bölüşdürülməsinə dair kvotaların tətbiqi variantı Çexiya üçün yolverilməzdir. Baş nazirin sözlərinə görə, həmin kvotalar milli hökumətlərin miqrant axını üzərində nəzarəti itirməsi ilə nəticələnəcək. Boquslav Sobotkanın fikrincə, ölkə ərazisində kimin sığınacaq alacağı barədə qərarı yalnız yerli hökumət qəbul etməlidir.
Televiziya proqramında Çexiyanın Baş naziri türk vətəndaşları üçün vizasız rejimin tətbiqi barədə müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair narahatlıqları da əsassız sayır. Qeyd edək ki, Aİ ilə rəsmi Ankara arasında imzalanan müqaviləyə əsasən, deportasiya olunan miqrantların qəbulu müqabilində Türkiyə vətəndaşlarının Aİ ölkələrinə vizasız gediş-gəlişi təmin edilməlidir.
Çexiyanın Baş naziri bununla bağlı deyib: “Türkiyə də miqrasiyanı məhdudlaşdırmağa ehtiyac duyur. Əgər Egey dənizi vasitəsilə yol açılsaydı, Türkiyə Əfqanıstan və Pakistandan olan qaçqınların cəmləşdiyi yer olardı”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa