REGİONLAR
Respublika Ağsaqqallar Şurasının Quba rayon təşkilatı özündə 15 mindən çox ahıl insanı birləşdirir
Quba, 5 yanvar, Elxan Yusifli, AZƏRTAC
Ölkəmizdə gedən böyük tikinti-quruculuq işləri, sosial problemlərin uğurlu həlli Qubanın bütün sakinləri kimi, yaşlı nəslin nümayəndələrini də ürəkdən sevindirir. Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Respublika Ağsaqqallar Şurasının Quba rayon təşkilatının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bildirilib.
Yığıncaqda rayon təşkilatının sədri Həsən Günəşli hesabat məruzəsi ilə çıxış edərək, rayonda ağsaqqallara böyük diqqət və qayğı göstərildiyini söyləyib. Bildirilib ki, Respublika Ağsaqqallar Şurasının Quba rayon təşkilatı özündə 15 mindən çox ahıl insanı birləşdirir.
Tədbirdə Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Aydəmir Manafov, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə qazısı Naib Səttarov, "Şəfəq" qəzetinin baş redaktoru Qəhrəman Əliyev və başqaları çıxış edərək ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb, rayonun ictimai-siyasi həyatında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların fəal rolundan, son illərdə rayonda gedən sosial-iqtisadi inkişafdan bəhs ediblər.