MƏDƏNİYYƏT
Respublika Gənclər Kitabxanasının rəsmi saytında Tovuz hadisələrinə həsr olunan bölmə yaradılıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası öz rəsmi internet səhifəsində (www.ryl.az) Tovuz hadisələrinə həsr olunan “Onlar Vətən yolunda canlarından keçdilər-Tovuz şəhidləri” adlı xüsusi bölmə yaradıb.
AZƏRTAC xəbər verir ki, bölmədə Tovuz rayonu ərazisində gedən döyüşlər günbəgün baş verən bütün hadisələrin təsviri ilə istifadəçilərin diqqətinə çatdırılır. Sözügedən bölmədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat, Tovuz döyüşlərinin başlanması və gedişatı, döyüşdə qəhrəmancasına həlak olan şəhidlərimiz haqqında ətraflı məlumat, döyüşlər nəticəsində əraziyə dəyən ümumi ziyan və s. barədə geniş məlumat verilib. Burada Tovuz döyüşlərinə dünya miqyasında nümayiş etdirilən münasibət, dünyanın və ölkənin ayrı-ayrı ərazilərində baş verən dəstək mitinqləri, Ermənilərin işğalçı mövqeyini təsdiq edən dünya ölkələri haqqında məlumatlar da yerləşdirilib. İstifadəçilər bu bölmədən yararlanaraq Tovuz döyüşləri haqqında qısa zaman kəsiyində çox ətraflı və dolğun məlumat ala biləcəklər. Bölmədə yazı materialları ilə yanaşı, Tovuz döyüşlərində rəşadətlə həlak olmuş şəhidlərimizin şəkilləri və dəfn mərasimlərinin fotogörüntüləri də təqdim edilir.
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan “Onlar Vətən yolunda canlarından keçdilər-Tovuz şəhidləri” bölməsinə http://ryl.az/tovuz_hadiseleri.html linkinə daxil olaraq baxa bilərlər.