SİYASƏT
Respublika Günü ilə əlaqədar Almaniyada mitinq keçirilib
Bakı, 30 may, AZƏRTAC
Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar Almaniyadakı Azərbaycan və Türk icmasının nümayəndələri Hannover şəhərində mitinq keçiriblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, şəhərin mərkəzi meydanı olan Opernplatzda baş tutan aksiyanın məqsədi yerli ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə yönəltmək olub.
Mitinqdə Azərbaycan, türk və alman dillərində “Ermənistan Azərbaycandan rədd ol!”, “Xocalıya ədalət”, “Xocalını unutma!”, “Qarabağa azadlıq” və bu kimi digər şüarlar səsləndirilib.
Çıxış edən soydaşımız Etibar Qəniyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda, Xocalı soyqırımı barədə məlumat verib. E.Qəniyev XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qırğınının erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı keçirilən etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu şəhər sakinlərinin diqqətinə çatdırıb. O, faciənin soyqırımı kimi tanınması ilə bağlı Almaniya hökümətinə və parlamentinə soydaşlarımız adından ünvanlanan müraciəti də səsləndirib.
Aksiya iştirakçıları iyunun 2-də Almaniya Parlamentində qondarma erməni soyqırımına dair planlaşdırılan müzakirələrə də etiraz bəyanatı ilə çıxış ediblər. Mitinqdə, həmçinin iştirakçılara iyunun 7-də Berlin şəhərində Federal Kansler Aparatı qarşısında keçirilməsi planlaşdırılan sülh nümayişi barədə məlumat verilib və onlar aksiyaya qatılmağa dəvət olunub.
Nümayişdə Hannover, ətraf şəhər və rayonlar, o cümlədən Almaniyanın digər federal əyalətlərindən gəlmiş azərbaycanlı və türk icmasının nümayəndələri iştirak ediblər.
Təxminən saat yarım davam edən mitinq Azərbaycanın və Türkiyənin dövlət himlərinin canlı ifası ilə başa çatıb.