REGİONLAR
Respublika Komissiyası 159 arıçıya 45 min 320 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Kənd Təsərrüfatı Nazirliyində Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə keçən iclasda Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər. İclasda rayon (şəhər) komissiyalarından daxil olan sənədlərə baxılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.
Respublika Komissiyasının iclasında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə dövlət büdcəsinin vəsaiti hesabına 10 manat subsidiyanın verilməsi ilə bağlı 6 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 159 arıçıya saxladıqları 4532 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına hər arı ailəsinə 10 manat olmaqla, cəmi 45 min 320 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edilib.
Rayon (şəhər) üzrə saxladıqları hər arı ailəsinə görə subsidiya veriləcək arıçıların siyahısı, onların saxladıqları arı ailəsinin miqdarı və hesablanmış subsidiyanın məbləği barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
Hazırda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslər tərəfindən saxladıqları hər arı ailəsinə görə subsidiyanı almaq üçün rayon (şəhər) komissiyalarına müraciətlər daxil olmaqdadır. Rayon (şəhər) komissiyalarından zəruri sənədlər daxil olduqca, Respublika Komissiyasının iclasında arıçılara hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi ilə bağlı həmin sənədlərə baxılacaq.