ELM VƏ TƏHSİL
Respublika elmi konfransı: Nizami Gəncəvinin sənət dünyası və müasir dövr
Bakı, 23 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin sənət dünyası və müasir dövr” mövzusunda respublika elmi konfransı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfrans Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ili “Nizami Gəncəvi İli” elan etməsi haqqında Sərəncamına uyğun olaraq təşkil edilib.
Konfransı açan institutun direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, müvafiq Sərəncama uyğun olaraq indiyə kimi akademiyada 11, Ədəbiyyat İnstitutunda 4 tədbir keçirilib. Akademik tədbir iştirakçılarını keçirilən və keçirilməsi nəzərdə tutulan konfranslar, akademiyanın digər aidiyyəti qurumlarla əməkdaşlıq sahəsində apardığı işlər, o cümlədən çap məsələləri haqqında məlumatlandırıb. Bildirib ki, Nizami Gəncəvinin əsərlərinin elmi-tənqidi mətni və “Nizami Gəncəvi ensiklopediyası” hazırlanır, “Nizami Gəncəvi və Şota Rustaveli” monoqrafiyasının müxtəlif dillərdə nəşr edilməsi nəzərdə tutulub. “Bütün sahələrdə olduğu kimi, Nizami Gəncəvi mövzusunda da qardaş Türkiyə ilə əməkdaşlıqdan qürur duyuruq. Buna nümunə olaraq Türkiyədə “Qardaş qələmlər” dərgisinin bir nömrəsinin bütövlükdə Nizami Gəncəviyə həsr ediləcəyini deyə bilərik. Həmin dərginin Amerika və Avropada abunəçiləri var. “Türk ədəbiyyatı” dərgisində isə institut əməkdaşlarının mövzu ilə bağlı ardıcıl məqalələrinin çapı nəzərdə tutulub. Həmçinin Bakı Yunus Əmrə İnstitutu ilə birgə tədbirlər keçirməyi planlaşdırırıq”, - deyə akademik qeyd edib.
İsa Həbibbəyli digər xarici ölkələrdə həyata keçirilən işlər barədə də danışıb. Azərbaycan Mədəniyyət Nazirliyinin xətti ilə “Xəmsə”nin Türkiyədə türkcə beş cilddə yayımlandığını, İtaliyada isə “Yeddi gözəl”in çap olunduğunu diqqətə çatdırıb. O, Hollandiya, Polşa, Çin, Cənubi Koreya kimi ölkələrdə Nizami Gəncəvi ilə bağlı müxtəlif istiqamətli işlərin həyata keçiriləcəyini vurğulayıb, Rusiya Federasiyasının Tatarıstan Respublikasında ardıcıl olaraq mövzu ilə bağlı məqalələrin çap ediləcəyini deyib.
Sonra Qafqaz Universitetlər Birliyinin rəhbəri, türkiyəli professor Ramazan Qorxmaz Nizami Gəncəvinin yaradıcılığındakı humanizmdən danışıb, onun əsərlərini Avropada yazılmış bir sıra əsərlərlə müqayisə edərək milli, dini və başqa məsələlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
Konfransda Ədəbiyyat İnstitutunun əməkdaşları - Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Fəridə Əzizovanın “Azərbaycan nizamişünaslığının inkişafında R.Azadənin rolu”, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, dosent Vəfa Hacıyevanın “Bədii mətndə qnoseologiya və poetika məsələləri” (Nizami Gəncəvinin “Xosrov və Şirin” əsərinin təhlili əsasında), institutun direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Nizami Gəncəvi yaradıcılığı Xəlil Rza Ulutürkün tərcümələrində” mövzusunda məruzələri dinlənilib. Həmçinin Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu Nizami filialının müdiri Gülnarə İsmayılova Nizami məqbərəsinin dünəni və bu günü haqqında çıxış edib.