REGİONLAR
Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə şimal bölgəsindən 210 şagird qatılıb VİDEO
Xaçmaz, 11 mart, Elxan Yusifli, AZƏRTAC
Təhsil Nazirliyinin təşkil etdiyi respublika fənn olimpiadalarının yarımfinal mərhələsinə şimal bölgəsindən 210 şagird qatılıb.
AZƏRTAC xəbər verir ki, martın 11-də Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbində keçirilən fənn olimpiadalarının zona mərhələsində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən məktəbliləri biliklərini sınayıb.
Təhsil Nazirliyinin nümayəndəsi Cavid Həbibov bildirib ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım göstərməkdir.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib.
Bu mərhələnin nəticələrinə əsasən, hər fənn və sinif üzrə ən azı 70 faiz nəticə göstərən şagirdlər respublika mərhələsinin final turuna vəsiqə qazanacaq.
Yarımfinal mərhələsi respublikanın 12 bölgəsində yaradılan mərkəzlərdə keçirilib.
Fənn olimpiadalarının final mərhələsi aprel ayında Bakı şəhərində təşkil olunacaq.