REGİONLAR
Respublika toxum sərgi-satış yarmarkasına Xaçmazda yekun vurulub VİDEO
Xaçmaz, 13 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun birgə təşkilatçılığı ilə növbəti toxum sərgi-satış yarmarkası Xaçmaz KOB evinin qarşısında təşkil olunub.
Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri - Xaçmaz KOB evi, KOB dostu və KOB İnkişaf Mərkəzi, həmçinin yerli toxum istehsalçıları, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev bu kimi yarmarkaların əhəmiyyətindən danışıb. Qeyd edib ki, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı çərçivəsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb. Bu gün Xaçmazda keçirilən toxum sərgi-satış yarmarkasına da xeyli maraq var. Ətraf rayonlardan olan fermer və sahibkarlar bu yarmarkada iştirak edirlər.
Sonra çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, ölkə üzrə keçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim olunur. Yarmarkada Xaçmazdan olan fermerlərlə yanaşı Quba, Qusar, Siyəzən, həmçinin digər rayonlardan gələn fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satış yarmarkalarına maraq böyük olub. Toxum sərgi-satış yarmarkalarında fermerlər yerli sortların toxumlarına maraq göstəriblər. Gələcəkdə də toxum bazarının daha da inkişaf etdirilməsi üçün satış yarmarkalarının əhatəsinin genişləndirilməsi nəzərdə tutulub.
Vurğulanıb ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir aqro sistemlər qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Ölkəmizdə toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir.
Yarmarkada fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb. Fermerlərə toxum sortlarının seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib.
Yarmarka çərçivəsində toxumçuluğa aid fotosərgi də nümayiş etdirilib.