İQTİSADİYYAT
Respublika üzrə 1 milyon 70 min 492 vergiödəyicisi uçotdadır
Bakı, 6 mart, AZƏRTAC
Martın 1-nə respublika üzrə 1 milyon 70 min 492 vergiödəyicisi uçotda olub. Onlardan 927 min 427-si və ya 86,6 faizi fiziki şəxs, 143 min 65-i və ya 13,4 faizi hüquqi şəxslər və digər təşkilatlardır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 82 min 334 nəfər artıb. Bunun 66 min 673-ü (80,9 faizi) fiziki şəxslərin, 15 min 661-i isə (19,1 faizi) hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən (95,9 faiz) kommersiya qurumları hesabına mümkün olub. Qeyri-kommersiya qurumlarının sayı isə keçən ilin fevral ayı ilə müqayisədə 640 vahid artaraq 15 min 538 vahid təşkil edib.
Cari ilin fevralında 1156 kommersiya qurumu qeydiyyata alınıb. Ötən ay 827 yerli investisiyalı qurum, 329 xarici investisiyalı kommersiya qurumu qeydiyyatdan keçib.
Bu ilin martın 1-nə qeydiyyatda olan kommersiya qurumlarının 39 min 463-ü xidmət, 36 min 171-i ticarət sektorunda fəaliyyət göstərib. Bundan başqa, cari ilin yanvar-fevral aylarında xidmət, ticarət və nəqliyyat sektorunda fəaliyyət göstərəcək hüquqi şəxslərin qeydiyyatda xüsusi çəkisi daha yüksək olub.