MƏDƏNİYYƏT
Rəssam Ənvər Əsgərovun əsərlərindən ibarət sərgi açılıb
Bakı, 1 may, Flora Şükürova, AZƏRTAC
Mayın 1-də Muzey Mərkəzində rəssam Ənvər Əsgərovun “Urbi et Orbi” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, rəssamın yaradıcılığının erkən dövrü sənaye mənzərələri ilə əlaqədar olub. Onun neft Bakısına dair əsərləri Azərbaycan paytaxtının vizit kartı kimi çıxış edib. Rəssamın “Abşeronun orqanı” əsəri 1973-cü ildə “SMENA” jurnalının aprel nömrəsinin üz qabığını bəzəyib.
Açılış mərasimində çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov Ə.Əsgərovun Azərbaycan incəsənətinə töhfələrindən danışıb.
Bildirilib ki, Ə.Əsgərovun rəsmləri tutarlı, ciddi və eyni zamanda zərifdir. Postsovet dövründə rəssamın sənət dünyasında əzəmətli sənaye kompozisiyalarını həndəsi natürmortlar əvəz edib. O, tamaşaçını qəfil çevrilmələr və gözlənilməz gedişlərlə təəccübləndirərək özünü op-art (optik incəsənət) janrında da tapıb. Fırça ustasının əsl bakılı kimi uşaqlıqdan sevdiyi badımcan, balqabaq, heyva və Abşeronun digər sərvətləri ilə natürmortları onun yaradıcılığında mühüm bir yer tutur. Bu, sənətkarın bədii bioqrafiyasının ayrıca bir zəngin və parlaq səhifəsidir. Qumlu mənzərələrlə əsər seriyası rəssamın yaradıcılığının əsl incisidir. Abşeron qəsəbələrinin təbiəti, dəniz, Bakının Bilgəh, Nardaran, Buzovna qəsəbələrinin sadə, lakin çox doğma memarlığı ətraflı və zərifliklə onun əsərlərində əksini tapıb.
Qeyd olunub ki, Ə.Əsgərovun əsərləri bu gün də aktualdır. Gənc rəssamlar arasında məşhur olan dəbli və təhrikedici üsluba malik, “contemporary art” əsərləri onun yaradıcılığında xüsusi yer tutur. Rəssamın belə əsərləri 2012-ci ilin yanvarında Londonda keçirilən “Fly to Baku” sərgisində tələbkar sənətsevərlərin marağını cəlb edib.
Rəssamın oğlu Rövşən Əsgərov sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Sərgi mayın 10-dək davam edəcək.