CƏMİYYƏT
Restoranda ad günü̈ məclisinin təşkilatçısı və iştirakçıları cərimələniblər
Bakı, 5 dekabr, AZƏRTAC
Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü̈ məclisi keçirməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə noyabrın 27-də paytaxtdakı restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva, onun üç rəfiqəsi və restoranın icarədarı müəyyənləşdirilərək polis idarəsinə dəvət olunublar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı isə 4000 manat məbləğində cərimə olunublar.
Nazirlik bir daha diqqətə çatdırır ki, daxili işlər orqanları ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət edir.