ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak üçün qeydiyyat müddəti uzadılıb
Bakı, 11 iyun, AZƏRTAC
Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin qeydiyyatı iyunun 14-ü saat 23:59-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) müsabiqə şərtini ödəmiş (40 və daha çox bal toplamış) namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği (100 AZN) “Şəxsi kabinet”lərinin hesabına əlavə edib iyunun 14-ü saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.
Bu gün saat 17:30-dək olan məlumata əsasən, imtahanda iştirak etmək hüququ olan 631 namizəddən 591-i imtahanın II mərhələsində iştirakını təsdiq edib. Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.
İxtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.