ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul olunmaq üçün 447 namizəd imtahan verəcək
Bakı, 10 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 14-də 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
İmtahanda iştirak etmək üçün namizədlər aşağıda qeyd olunan sənədləri təqdim etməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənədin əslini;
-İmtahan gününə müvafiq olan “Namizədin imtahana buraxılış vərəqəsi”ni.
-Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri DİM tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.
İmtahanın II mərhələsində iştirak etmək üçün 447 namizəd qeydiyyatdan keçib. Onlardan 299-u qız, 148-i oğlandır. 394 namizəd Azərbaycan bölməsinin, 53 namizəd rus bölməsinin, 199 namizəd cari ilin, 248 namizəd isə əvvəlki illərin məzunudur, 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 435, Naxçıvan şəhərində isə 12 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunması üçün 5 imtahan rəhbəri, 38 zal nəzarətçisi ayrılıb.