MƏDƏNİYYƏT


Riad Qasımov: Qoruq İdarəsi qədim İçərişəhərin qorunması və saxlanması üçün hər zaman lazımi tədbirlər görür

Bakı, 26 may, AZƏRTAC

İçərişəhərdə dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, arxeoloji, mühafizə, bərpa işlərinin aparılması, tarixi-memarlıq abidələrinin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsi, eləcə də ənənəvi küçə şəbəkələrini olduğu kimi saxlamaqla turizm infrastrukturu qurulması sahəsində əsaslı işlərin aparılması İdarənin prioritet fəaliyyət istiqamətlərindən biridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov deyib.

Bildirib ki, son illərdə Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.

Qeyd edib ki, memarlıq abidələri üzərində aparılan bərpa işləri Avropanın aparıcı bərpa şirkətləri ilə birlikdə və yerli mütəxəssislərin iştirakı ilə aparılır. Bərpa işləri beynəlxalq standartlara cavab verən ən müasir texnologiyalarla həyata keçirilir.

Onun sözlərinə görə, bərpa və konservasiya işləri zamanı İçərişəhər ərazisində yerləşən abidələrin qədimliyi və ənənəvi memarlıq üslubu qorunub saxlanılır, burada yaşayan əhalinin təhlükəsizliyi təmin edilir. Bunu nəzərə alaraq, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Milli Elmlər Akademiyasının və digər yerli ixtisaslaşmış təşkilatların mütəxəssis və memarları ilə məsləhətləşmələr aparılır, müvafiq standartlara uyğun xüsusi qurğu və avadanlıqlar tətbiq edilərək həyata keçirilir. Hər bir iş icra edilmədən öncə bu sahədə ətraflı təhlillər aparılır, hazırlıq işləri görülür, daha sonra işin planı təsdiq edilərək ona uyğun həyata keçirilir.

“İçərişəhər” Qoruq İdarəsinin tarixi abidələrimizin qorunub saxlanması məqsədilə apardığı bərpa-restavrasiya işləri 2022-ci ildə də davam etdirilir. İdarə İçərişəhərin bütün Qala divarları boyunca konservasiya prosesi planını nəzərdən keçirir və bu plana uyğun olaraq hazırda bərpa işləri aparılır. Bu planın qarşıdakı illər ərzində tədricən həyata keçirilməsi nəzərdə tutulur. Bərpa və konservasiya işləri zamanı İdarə qabaqcıl dünya təcrübəsinin tətbiqinin önəmini anlayaraq bu sahədə beynəlxalq yenilikləri daim diqqətdə saxlayır. Qoruq İdarəsi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün hər zaman lazımi tədbirlər görür”, - deyə aparat rəhbəri vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.