SİYASƏT
Riqada “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilib VİDEO
Riqa, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Latviyanın paytaxtı Riqa şəhərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə “Birləşmiş Avropa layihəsinə yeni baxış” adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzin İdarə Heyətinin həmsədrləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Qəyyumlar Şurasının sədri Nazim İbrahimov, sabiq dövlət başçıları Valdis Zatlers, Petar Stoyanov, İvo Yosipoviç, Hikmət Çətin, Ekmeleddin İhsanoğlu, həmçinin Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov və digərləri iştirak ediblər.
Konfransın açılış mərasimində çıxış edən Latviya parlamentinin spikeri İnara Murnietse ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib, konfransın Avropa münasibətlərinin dərinləşdirilməsində əhəmiyyətini qeyd edib. O, hər iki ölkənin müstəqilliklərinin bərpasının 100 illiyinin tarixi önəmini də diqqətə çatdırıb.
Mərkəzin həmsədri Vayra Vike-Frayberqa toplantının Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi önəmli tədbirlər sırasında olduğunu vurğulayıb. O, Avropa ölkələrinin tarix boyu ciddi çağırışlara məruz qaldığını deyib. Bildirib ki, Avropa qaçqın və miqrant problemləri ilə üzləşdiyi bir zamanda siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidləri də aradan qaldırmaq barədə düşünməlidir.
Açılış mərasimindən sonra iştirakçılar xatirə şəkilləri çəkdiriblər. Daha sonra konfrans panel iclaslarla davam edib.
Konfrans işini noyabrın 29-da yekunlaşdıracaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa