İQTİSADİYYAT
Risklərin İdarə Edilməsi üzrə Diaqnostik Missiyasının işinin yekunlarına dair tövsiyələr müzakirə olunub
Bakı, 11 mart, AZƏRTAC
Martın 11-də Dövlət Gömrük Komitəsində Ümumdünya Gömrük Təşkilatının ekspertləri ilə görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ümumdünya Gömrük Təşkilatının Risklərin İdarə Edilməsi üzrə Diaqnostik Missiyasının işinin yekunlarına dair tövsiyələr müzakirə olunub. Tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, Ümumdünya Gömrük Təşkilatının ekspertləri Oğuz Onal, Sertac Yapıcı və Ömər Koç iştirak ediblər.
İ.Hüseynov Ümumdünya Gömrük Təşkilatının Dövlət Gömrük Komitəsində və komitənin strukturuna daxil olan müvafiq qurumlarda həyata keçirdiyi Risklərin İdarə Edilməsi üzrə Diaqnostik Missiyasının işinin hər iki tərəf üçün faydalı olduğunu diqqətə çatdırıb. Komitə sədrinin birinci müavini gələcəkdə səmərəli əməkdaşlığın və qarşılıqlı münasibətlərin daha da inkişaf edəcəyindən əminliyini ifadə edib.
Risklərin İdarə Edilməsi Sisteminin gömrük işinin səmərəli təşkilinə, sərhədkeçmə proseslərinin sürətləndirilməsində xüsusi rol oynadığını bildirən İ.Hüseynov risk menecmentinin gömrük xidmətində yenilənməsi və təkmilləşdirilməsində peşəkar mütəxəssislərin təcrübəsindən yararlanmağı, həmçinin Ümumdünya Gömrük Təşkilatının ekspertlərinin də bu işdə fəal iştirakını sevindirici hal kimi dəyərləndirib.
Ümumdünya Gömrük Təşkilatının eksperti O.Onal bu günədək Dövlət Gömrük Komitəsinin aidiyyəti qurumları ilə keçirdikləri görüşlərdən məmnunluqla bəhs edib, bir həftə müddətində müxtəlif təqdimatlarla tanış olduqlarını, həmçinin risklərin idarə edilməsi ilə bağlı geniş müzakirələr apardıqlarını, faydalı məlumatlar əldə etdiklərini vurğulayıb.
O Risklərin İdarə Edilməsi üzrə Diaqnostik Missiyanın tövsiyələrinə dair yekun hesabatı yaxın müddətdə hazırlayıb Dövlət Gömrük Komitəsinə təqdim edəcəklərini diqqətə çatdırıb.
Daha sonra ekspertlərin ilkin tövsiyələri müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Martın 3-də başlayan diaqnostik qiymətləndirmə prosesi 7 gün davam edib.