ELM VƏ TƏHSİL
Riyaziyyatçı alimlər “Horizon 2020” proqramı barədə məlumatlandırılıb
Bakı, 24 yanvar, AZƏRTAC
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda Avropa Komissiyasının tədqiqat və innovasiya üzrə “Horizon 2020” proqramına dair seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov alimlərimizin dünya elminə inteqrasiyasının böyük əhəmiyyət kəsb etdiyini bildirib, bu istiqamətdə "Horizon 2020" proqramının önəmini vurğulayıb.
Sonra proqramın hüquqi və maliyyə aspektləri üzrə milli əlaqələndiricisi, İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri Tofiq Babayev, Mari Skladovskaya Küri Təqaüd Proqramı üzrə milli əlaqələndiricisi, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov, İqlim fəaliyyəti, resurs səmərəliliyi və xammal üzrə milli əlaqələndiricisi, Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Rövşən Kərimov çıxış edərək riyaziyyatçı alimlərin "Horizon 2020"də fəal iştirakı ilə bağlı tövsiyələrini veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.