CƏMİYYƏT


Rodezdə uyuyan azərbaycanlı döyüşçülərin xatirəsi yad edilib

Rodez, 25 sentyabr, AZƏRTAC

Azərbaycan dövləti İkinci Dünya müharibəsində doğma Vətəndən uzaqda Avropanın bir neçə ölkəsinin, eləcə də Fransanın azadlığı uğrunda yerli xalqlarla çiyin-çiyinə vuruşaraq həlak olmuş azərbaycanlı döyüşçüləri unutmur, onların xatirəsini daim yad edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin diplomatları Aveyron departamentinin Rodez şəhərindəki qəbiristanlıqda dəfn olunmuş azərbaycanlı döyüşçülərin xatirəsini yad ediblər.

Səfirliyimizin diplomatları Rodez şəhər merinin birinci müavini Sarah Vidal ilə birlikdə şəhər qəbiristanlığında Fransa uğrunda həlak olan azərbaycanlı döyüşçülərin xatirəsinə ucaldılmış abidəni və azərbaycanlı əsgər Mişel Hüseynovun məzarını ziyarət edərək üzərinə əklil qoyublar.

İkinci Dünya müharibəsində Fransanın azadlığı uğrunda fransızlarla bərabər mübarizə aparan azərbaycanlı əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xatırladaq ki, İkinci Dünya müharibəsində Fransanın Aveyron departamentində yaradılmış düşərgələrdə müxtəlif xalqların nümayəndələrindən ibarət dəstələr hazırlanaraq əməliyyatlarda iştirak üçün yola salınıblar. Faşist əsirliyindən qaçaraq həmin dəstələrə qoşulmuş yüzlərlə azərbaycanlı Fransanın azadlığı uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərib. Alman faşistləri ilə qanlı döyüşlərdə həlak olmuş azərbaycanlı qəhrəmanlar Fransa torpağında əbədiyyətə qovuşublar. Onların xatirəsini əbədiləşdirmək məqsədilə Rodez şəhərinin qəbiristanlığında abidə ucaldılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Rodez

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.