İDMAN
Ronald Hofer: Velosipedçilər Şuşada gözəl vaxt keçirəcəklər



Bakı, 6 iyun, AZƏRTAC
İyunun 7-dən 11-dək keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı ilə bağlı mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Əziz Şuşa” beynəlxalq velosiped yarışının direktoru Ronald Hofer, yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov, Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Ülviyyə Hacıyeva, Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva, yarısın təhlükəsizlik üzrə meneceri, Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov iştirak ediblər.
Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva “Əziz Şuşa” beynəlxalq velosiped yarışının Beynəlxalq Velosipedçilər İttifaqının müəyyənləşdirdiyi təqvim planına daxil edilən 2.2 kateqoriyalı 5 mərhələli turnir olduğunu bildirərək deyib ki, 14 ölkədən 16 komanda iştirak edəcək. Onlar artıq Bakıdadır. Son anda Ruanda və İsveçrə komandası gələ bilmədi. Maliyyə ilə bağlı problemləri olduğu üçün yarışdan imtina etməli oldular. Yarış beynəlxalq təqvimə salındığı üçün müəyyən qaydalar tətbiq ediləcək. Baş hakimi Beynəlxalq Velosiped İttifaqı təyin edəcək.
Yarışın direktoru Ronald Hofer turnirin böyük tədbir olduğunu qeyd edərək, yüksək təşkilatçılığa görə Azərbaycan Velosiped Federasiyasına təşəkkürünü bildirib.
“Yarışa iyunun 7-də Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçəcəklər. İdmançılar iyunun 8-də Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət edəcəklər. Bu mərhələlər mənə tanışdır. Düşünürəm ki, ikinci mərhələdə qalib sprint yarışında müəyyənləşəcək. Ümid edirik ki, yarış iştirakçıları bu mərhələni uğurla başa vuracaqlar”, - deyə yarışın direktoru əlavə edib.
R.Hofer yarışın üçüncü mərhələnin marşrutunun Qəbələdən Gəncənin mərkəzinədək olacağını söyləyib: “Velosipedçilər 170 kilometr tamamilə düz marşrut üzrə hərəkət edəcəklər. Gəncə şəhərinin mərkəzində isə idmançıları böyük sprint yarış gözləyir. Dördüncü mərhələ Gəncədə təyin olunmuş marşrut üzrə dövrə vurduqdan sonra Göygöl Milli Parkına qədər 102,9 kilometrdən ibarət olacaq. Startdan əvvəl Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Gəncədəki abidəsi ziyarət olunacaq. Göygöl dağlıq ərazidir. Bu mərhələdə finiş çox maraqlı olacaq. Finişdən sonra idmançılarımız Naftalana transfer olunacaq və oradan Beyləqana gedəcəyik. Yarışın əsas mərhələsi Şuşayadək olacaq. Şuşa dağ mərhələsi olacaq. Marşrut üzrə dağa qalxıb sonra şəhərin mərkəzin enəcəyik. Finiş xətti Şuşada “Qarabağ” hotelinin qarşısında olacaq. Komandalar Şuşada gözəl vaxt keçirəcəklər. Ertəsi gün isə növbəti ilin yarışını planlamağa başlayacağıq”.
Bu il ilk dəfə sprint yarışlara bonus saniyələrin veriləcəyini deyən R.Hofer qeyd edib ki, “Əziz Şuşa” beynəlxalq yarış olduğu üçün nüfuzlu idmançılar qatılıb. O, dağ keçid mərhələləri çox olduğu üçün yarışın çətin olacağını düşündüyünü deyib.
Ronald Hofer Çinin “China Glory Cycling” rəhbərliyi ilə görüşdüyünü, onların favoritlər sırasında olduğunu bildirərək deyib ki, lakin Azərbaycan yığma komandası və Türkiyənin “Sakarya BB Pro” kollektivi də güclüdür”.
Yarışın marşrut üzrə direktoru Elçin Qəhrəmanov bildirib ki, “Əziz Şuşa” beynəlxalq velosiped yarışının marşrutunda dəyişiklik edilib. “Muğanlı və İsmayıllıya kimi yolda təmir olduğundan, yarışın marşrutunda müəyyən dəyişiklik olub. Ancaq onlarla daim əlaqə saxlayırıq. Gələn il velosipedçilərin həmin ərazilərdən keçəcəklərinə ümid edirik. Komandaları dəvət edərkən onların məskunlaşmalarına da xüsusi diqqət yetiririk. Eyni zamanda, onların tarixi yerlərdən keçmələrinə çalışırıq.
Yarışın təhlükəsizlik üzrə menecer Vüqar Salahov təhlükəsizlik baxımından Dövlət Yol Polisi ilə birgə əməkdaşlıq etdiklərini vurğulayıb. “Yolda olan hər hansı təhlükələr barədə müzakirələr aparmışıq. Bütün mərhələlərdə təhlükəsizlik ilə bağlı tədbirlər görmüşük. Veloturun marşrutu və digər hazırlıq işləri beynəlxalq mütəxəssislər tərəfindən dəfələrlə yoxlanılıb”, - deyə V.Salahov qeyd edib.