İDMAN
Rövşən Hüseynli: Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün yoldaşlıq görüşləri ilə başlayacaq
Bakı, 16 dekabr, AZƏRTAC
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin dekabrın 16-da mətbuat üçün açıq məşqi keçirilib.
AZƏRTAC xəbər verir ki, məşqdən əvvəl millimizin qapıçısı Rövşən Hüseynli jurnalistlərin suallarını cavablandırıb.
Futzalçı bildirib ki, məşqlərimiz yaxşı keçir. Əhvali-ruhiyyəmiz də yaxşıdır. Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək. Avropa çempionatının final mərhələsində 6-cı dəfə çıxış edəcəyik. Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin. Ümumiyyətlə final mərhələsində iştirak edəcək 16 komanda arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, bizim təcrübəmiz onlardan daha çoxdur. Bosniya və Herseqovinaya gəldikdə, onlara qarşı bir dəfə - 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı konsantrasiya olmuşuq. Çalışacağıq bu dəfə meydandan xalla ayrılaq.
“Ukrayna millisinə gəldikdə, 2 ay əvvəl onların çempionuna qarşı oynadıq. Oyun üslubu demək olar, eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək. Yoldaşıq oyunu əhəmiyyətlidir. Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq. Hər bir oyunun təyinatı var. Yoldaşlıq oyunu olmasından asılı olmayaraq qələbə əlavə stimul verir. Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir. Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıq”larını bu görüşlərdə sınayacağıq”, - deyə R.Hüseynli əlavə edib.