REGİONLAR
“Ruhlar şəhəri” olan Ağdam Qafqazın ən gözəl şəhərinə çevriləcək FOTO
Ağdam şəhər meşə-parkında şam ağacları əkilir
Ağdam, 1 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan işğal dövründə Azərbaycan torpaqlarında ekoloji terror törədib. 30 ilə yaxın müddətdə təbiətin “ağ ciyəri” hesab edilən ağac və kol bitkiləri, təbiət abidələri məhv edilib. Artıq işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri ilə yanaşı yaşıllıqların, meşə fondunun bərpasına, ekoloji tarazlığın yaradılmasına da başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işğaldan azad edilmiş Ağdam şəhərində yaşıllıqların salınmasına xüsusi fikir verilir. Dünyada yaşıllığın ümumi normasının şəhər ərazisinin ən azı 15 faizi olması qəbul edilib. Ağdam şəhərində yaradılacaq meşə-parkın ərazisi isə 125 hektar olacaq ki, bu da şəhərin 23 faizini təşkil edəcək.
Prezident İlham Əliyevin mayın 28-də Ağdama səfəri zamanı bir sıra layihələrin təməlini qoymaqla yanaşı, meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində də iştirak edib. Hazırda meşə-parkın ərazisində quraqlığa və şaxtaya davamlılığı ilə seçilən və gözəl görünüşə malik olan Eldar şamı ağacları əkilir.
Mütəxəssis Elçin İsmayılov bildirib ki, meşə-park ərazisində 2800 ədəd Eldaş şamı ağacının əkilməsi nəzərdə tutulur. Artıq 1500 ədəd ağac əkilib. Ağacların dibinə dirək basdırılıb və suvarılması təmin edilib. Digər ağaclar payız mövsümündə əkiləcək.
Parkda sakinlər və turistlər üçün gözəl istirahət guşələri təşkil olunacaq. Ağdam şəhərinin içindən keçəcək kanalın suyu burada yaradılacaq gölə töküləcək. Təkcə meşə-park deyil, Dağüstü park, İmarət kompleksi, Zəfər muzeyi, qayıqla gəzintiyə çıxmaq üçün kanal, üzərində təsvirlər verilən göl, şəhərətrafı bağlar və sair "ruhlar şəhəri" adlandırılan Ağdamı tək Azərbaycanın deyil, Qafqazın ən gözəl şəhərinə çevrilməsinə səbəb olacaq.