DÜNYA
Rumıniyada peyvənd olunmayanlar üçün məhdudiyyətlər tətbiq ediləcək
Buxarest, 21 oktyabr, AZƏRTAC
Rumıniyada koronavirusa qarşı peyvənd olunmayanlar üçün məhdudiyyətlər və komendant saatı tətbiq ediləcək. Rumıniyada koronavirusa yoluxma hallarının artması səbəbindən gələn həftədən başlayaraq məhdudiyyətlər sərtləşdiriləcək. Bu barədə Prezident Klaus Yohannis Baş nazirin vəzifələrini müvəqqəti icra edən Florin Kitsu ilə görüşündən sonra açıqlayıb. Maska taxmaq təkcə qapalı məkanlarda yox, açıq havada da məcburi olacaq. Tələbələr iki həftəlik tətilə buraxılacaq. Peyvənd olunmamış vətəndaşlarla bağlı da tədbirlər görüləcək. Peyvənd olunmayanlara gecə çölə çıxmaq qadağan olunacaq. Gün ərzində əksər tədbirlərə yalnız yaşıl sertifikatı (peyvəndolunma, immunitet) olanlar buraxılacaq. Prezident rumınları peyvənd olunmağa çağırıb. O, sanitar orqanlardan epidemioloji vəziyyətin gərginləşməsi barədə məlumat aldıqdan sonra daha sərt məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyini açıqlayıb. Mütəxəssislərin fikrincə, vəziyyət nəzarət altına alınmasa, noyabrın birinci yarısında hər gün 25 minə qədər yoluxma, minə qədər ölüm halı qeydə alına bilər.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest