CƏMİYYƏT
Rumıniyanın Dövlət katibi Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutması barədə məlumatlandırılıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycanın cəbhə zonasından kənarda yerləşən yaşayış obyektlərini, o cümlədən Gəncə, Mingəçevir, Naftalan şəhərlərini, Abşeron, Sabirabad, Kürdəmir, Goranboy, Xızı, Qəbələ rayonlarını dəfələrlə raket atəşinə tutub. Bu hücumlar nəticəsində mülki şəxslər, o cümlədən uşaqlar həlak olub, Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binaları dağılıb, mülki obyektlərə ciddi ziyan dəyib. Son məlumata görə, Ermənistanın təxribatları nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb. Günahsız körpələrin qətlə yetirilməsi erməni vəhşiliyinin ən bariz nümunəsi, soyqırımı və vandalizm aktıdır. Azərbaycan isə haqq yolundadır, beynəlxalq hüquq çərçivəsində müəyyən olunmuş sərhədləri daxilində hərbi əməliyyatlar aparır və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz torpaqlarını işğaldan azad edir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri komitənin sədri Fuad Muradov Rumıniyanın Dövlət katibi, Xaricdəki Rumınlar Departamentinin rəhbəri Ovidiu Burduşa ilə virtual görüşü zamanı deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə də iqtisadi-ticari əməkdaşlığın təşviqi üçün böyük imkanlar var” fikrini xatırladan komitə sədri ölkələrimiz arasında sıx əlaqələrə və onların inkişaf dinamikasına diqqət çəkib.
F.Muradov bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Rumıniya onu tanıyan ilk dövlətlərdən olub. Elə o vaxtdan ikitərəfli münasibətlər qarşılıqlı anlaşma, dostluq prinsipləri əsasında inkişaf edib. Bu gün də ölkələrimiz arasında sarsılmaz dostluq münasibətləri var.
Görüşdə Rumıniyada erməni diasporunun Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi bildirilib, bu ölkədə Azərbaycanın haqlı mövqeyinin daha geniş şəkildə işıqlandırılması, eləcə də diaspor siyasəti sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
O.Burduşa ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib. Xaricdəki Rumınlar Departamentinin rəhbəri dünyanın müxtəlif ölkələrində 6 milyonadək rumının yaşadığını diqqətə çatdıraraq, Azərbaycan ilə Rumıniyanın strateji tərəfdaş olmasından məmnunluğunu ifadə edib.
Görüşdə iştirak edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku Diasporla İş üzrə Dövlət Komitəsi ilə Xaricdəki Rumınlar Departamentinin münasibətlərinin dərinləşdirilməsi üçün yeni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Həmçinin xaricdə yaşayan azərbaycanlıların və bizə dost ölkələrin diasporlarının bu gün dünyanın hər yerində Gəncə terroruna etiraz edərək dinc aksiyalar keçirmələri, öz haqq səslərini ucaltmaları, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəltmək üçün müxtəlif addımların atılması ilə bağlı da fikir mübadiləsi aparılıb.