REGİONLAR
Rus dili və ədəbiyyatı fənni üzrə olimpiadaya şimal bölgəsindən 164 şagird qatılıb VİDEO
Şabran, 20 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 20-də Şabranda şimal bölgəsinin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə X Respublika olimpiadası təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, olimpiadaya Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında tədris Azərbaycan və rus dillərində olan məktəblərin 7-8-ci sinif şagirdləri qatılıb. Ümumilikdə, 164 şagird test və yazı bacarıqlarını, eləcə də Rusiya mədəniyyəti haqqında biliklərini nümayiş etdiriblər.
Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, "Rossotrudniçestvo" agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Bilik yarışından əvvəl məktəblilər rus şairlərinin şeirlərini və rus dilində mahnılar səsləndirib, rəqs ifa ediblər.
Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndələri, Şabran Rayon Təhsil Şöbəsinin əməkdaşları çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərindən, təhsil, eləcə də digər sahələrdəki əməkdaşlıqdan danışıblar.
Olimpiadanın zonalar üzrə seçimlərinin qalibləri Bakı Slavyan Universitetində rus dili və ədəbiyyatı üzrə X Respublika olimpiadasına yekun mərhələsinə və qaliblərin mükafatlandırılması münasibətilə keçiriləcək təntənəli mərasimə qatılacaqlar.