ELM VƏ TƏHSİL
“Rus dilinin səfirləri” Bakı Slavyan Universitetində olublar
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də “Rus dili xaricdə” layihəsi çərçivəsində Rusiya Federasiyasından gəlmiş “Rus dilinin səfirləri” adlı könüllülər qrupu Bakı Slavyan Universitetində (BSU) olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, qrup üzvləri rus dilinin və ədəbiyyatının dünyada təbliği və öyrədilməsi metodikasını yaymaqla məşğul olurlar.
Qrupun rəhbəri Mariya Kuznetsova layihənin məqsəd və məramı, qrup könüllülərinin seçilməsi prinsipləri və onların fəaliyyət göstərdiyi ölkələr barədə məlumat verib. Rusiyalı qonaq deyib ki, 30 yaşına qədər gənclər layihəyə qoşula bilərlər. Bunun üçün onlar elektron qeydiyyatdan keçməlidirlər. O, seçim qaydaları barədə məlumat verməklə bərabər, bir sıra statistik göstəriciləri də təqdim edib.
M.Kuznetsova Türkmənistanda, Qazaxıstanda, Qırğızıstanda, Tacikistanda və Özbəkistanda layihə çərçivəsində treninqlər keçirildiyini, tələbələrə xüsusi metodika əsasında rus dilinin öyrədilməsi sahəsində xeyli iş görüldüyünü qeyd edib. Qrup rəhbəri layihənin təkcə MDB məkanında deyil, digər ölkələri də əhatə etdiyini vurğulayıb. O, “Biz dünyaya çıxır və rus dilini öyrədirik” proqramı çərçivəsində Türkiyə, Bəhreyn və digər ölkələrdə də artıq qrup könüllülərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.
Təqdimatdan sonra layihəyə uyğun olaraq “Rus dilində dialoq” intellektual oyununa start verilib.