İDMAN
“Rusiya 2018”: Səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa və Argentina milliləri qarşılaşırlar
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinə Fransa-Argentina oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Kazan Arena”da keçirilən görüşdə Fransa millisinin heyətində meydana Uqo Loris, Lukas Hernandes, Samuel Umtiti, Benjamin Pavard, Rafael Varan, Blais Matuidi, Pol Poqba, Nqolo Kante, Kaylian Mbappe, Antuan Qrizman və Oliver Jiru çıxıblar.
Argentina millisinin start heyətində isə Franko Armani, Nikolas Taqliafiqo, Markos Roxo, Nikolas Otamendi, Qabriel Merkado, Xavier Maskerano, Ever Baneqa, Enzo Peres, Anqel Di Maria, Lionel Messi və Kristian Pavon yer alıblar.
Matçın baş hakimi iranlı Alireza Faqanidir.
Bu oyunun qalibi dörddəbir finalda Uruqvay-Portuqaliya matçında üstün olan komanda ilə qarşılaşacaq.
Xatırladaq ki, “C” qrupunda Avstraliya (1:0) və Peru (1:0) yığmalarına qalib gələn fransızlar sonuncu görüşdə Danimarka ilə qolsuz heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.
Çempionatın favoritlərindən hesab olunan Argentina yığması yer aldığı “D” qrupunda göstərdiyi oyunla azarkeşlərinin istəyinə cavab verə bilməyib. İlk oyunda çempionatın debütantı İslandiya ilə 1:1 hesablı heç-heçə edən argentinalılar ikinci görüşdə Xorvatiya yığmasına məğlub olublar – 0:3. “Gümüşü ölkə” təmsilçiləri səkkizdəbir finala Nigeriya üzərində 2:1 hesablı çətin qələbə sayəsində çıxa biliblər.
Günün digər oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı meksikalı referi Sezar Ramos idarə edəcək. Matç Soçidəki “Fişt” stadionunda oynanılacaq.
Qeyd edək ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.
Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, Fransa-Argentina və İspaniya-Rusiya görüşləri İctimai Televiziyada futbolsevərlərə təqdim olunacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.