ELM VƏ TƏHSİL
Rusiya Elmlər Akademiyası və Zoologiya İnstitutu arasında elmi əməkdaşlıq möhkəmləndirilir
Bakı, 3 avqust, AZƏRTAC
Rusiya Elmlər Akademiyasının (REA) Zoologiya İnstitutunun direktoru, REA-nın müxbir üzvü Nikita Çernetsov Zoologiya İnstitutunda olub.
Bu barədə AZƏRTAC-a Zoologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, səfərin məqsədi müəssisələrin kitabxanası arasında aparılan danışıqlar əsasında kitabların mübadiləsi olub. Zoologiya İnstitutunun direktoru dosent Ələddin Eyvazovla görüşdə hər iki qurumun fəaliyyəti haqqında məlumat verilib, elmi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bir sıra təkliflər irəli sürülüb.
Qonağa Zoologiya İnstitutunun rəhbərliyi tərəfindən son illərdə nəşr olunan kitablar təqdim edilib. Bundan əlavə, REA-nın Zoologiya İnstitutunun kitabxanasından ünvanlanmış rəsmi məktuba əsasən, Zoologiya İnstitutunun kitabxanasında olan bir sıra nəşrlər həmin kitabxanaya göndərilib.
Görüşdən sonra müxbir üzv Nikita Çernetsov Zoologiya İnstitutunun muzeyində eksponatlarla tanış olub.