CƏMİYYƏT
Rusiya Federasiyasında əcnəbi və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilmiş güzəştlərin müddəti uzadılıb
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Respublikası vətəndaşlarının daha çox səfər etdikləri və yaşadıqları ölkələrdən olan Rusiya Federasiyasında pandemiya dövrünün tələblərindən irəli gələrək miqrantlarla bağlı tətbiq edilmiş bir sıra güzəştlərin müddəti Rusiya Prezidentinin 2021-ci il 15 iyun tarixli “Yeni növ koronavirus infeksiyasının sonrakı yayılma təhlükəsi ilə əlaqədar olaraq Rusiya Federasiyasındakı xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin tənzimlənməsinə dair müvəqqəti tədbirlər haqqında” Fərmanına əsasən uzadılıb.
AZƏRTAC Dövlət Miqrasiya Xidmətinin rəsmi saytına istinadla xəbər verir ki, Fərmana uyğun olaraq, Rusiyada olan və yaşayan, miqrasiya qanunvericiliyi baxımından sənədlərinin müddət axımı dayanan və ya sənədləri qaydasında olmayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi statuslarının 2021-ci il sentyabrın 30-dək leqallaşdırması tövsiyə olunur.
Qeyd edək ki, Rusiya Federasiyasından çıxarılmalı olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının həmin ölkədən çıxarılması ilə bağlı qoyulan tələbin müddəti 2021-ci il 30 sentyabr tarixədək uzadılıb (fərmanda verilmiş istisnalar xaricində).
Eyni zamanda, patent əsasında Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşları 2021-ci il 31 dekabr tarixədək bəyan edilmiş məqsədlərindən asılı olmayaraq müvafiq sənədin alınması (uzadılması) üçün Rusiya Federasiyasının müvafiq orqanına müraciət etmək hüququna malikdirlər.