İDMAN
Rusiya atletləri qızlar və oğlanlar arasında 4x100 metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar
Bakı, 26 iyul, AZƏRTAC
Rusiya atletləri XV Avropa Gənclər Yay Olimpiya Festivalının qızlar və oğlanlar arasında 4x100 metr məsafəyə kompleks üzmə yarışlarında çempion olublar.
AZƏRTAC xəbər verir ki, hər iki yarışda gümüş medalları Böyük Britaniya idmançıları qazanıblar. Oğlanların mübarizəsində bürünc medallara Fransa təmsilçiləri, qızların yarışında isə İtaliya üzgüçüləri yiyələniblər.
Qızlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışında Rumıniya atleti Bianka Kostea finişə birinci çataraq qızıl medal qazanıb. Serbiya üzgüçüsü Nina Stanisavleviç ikinci, Niderland təmsilçisi Milou Van Viyk isə üçüncü pillədə qərarlaşıblar.
Zərif cinsin nümayəndələrinin 200 metr məsafəyə fərdi qaydada kompleks üzmə yarışında Böyük Britaniya idmançısı Keyti Şanahan rəqibləri üçün əlçatmaz olub. İtaliyalı Çiara Fontana turnirin gümüş medalını qazanıb. Yarışda ilk üçlüyü Türkiyə atleti Dəniz Ertan tamamlayıb.
Oğlanlar arasında 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında Rasmus Nikelsen (Danimarka) çempion adına layiq görülüb. Hubert Kos (Macarıstan) yarışı ikinci pillədə başa vurub. Polşalı Pavel Urinyuk isə bürünc medala sahib olub.