DÜNYA
Rusiya və Hindistan АК-203 avtomatlarının istehsal qiyməti barədə razılığa gələ bilməyib
Bakı, 4 iyun, AZƏRTAC
Rusiya və Hindistan АК-203 avtomat silahlarının birgə istehsalı üzrə təklif olunan kommersiya qiyməti barədə razılığa gələ bilməyib.
AZƏRTAC bu barədə “The Economic Times” qəzetinə istinadla xəbər verir.
Tərəflər arasında AK-203 avtomatlarının istehsalı üzrə qiymətin müzakirəsi koronavirus pandemiyası səbəbindən çətinləşib. Yaranmış vəziyyətlə bağlı Rusiya və Hindistan arasında müştərək müəssisədə bu il silah istehsalına başlanacağı ehtimalı azdır.
2020-ci ilin fevralında Rusiyanın Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidməti artıq cari ildə müştərək müəssisədə AK-203 avtomatlarının ilk partiyasının istehsalının baş tutacağı barədə məlumat vermişdi.
Qeyd edək ki, Hindistanın Baş Naziri Narendra Modi 2019-cu ilin martında ölkədə “Kalaşnikov” markalı avtomatın istehsalı üzrə Rusiya ilə birgə müəssisəsə yaradıldığını elan etmişdi. İldə 700 min avtomat silah istehsalı həcminə malik “Indo-Russian Rifles Private Limited” müəssisəsi Uttar-Pradeş ştatının Ameti dairəsinin Korva şəhəri yaxınlığında yerləşir.