DÜNYA
Rusiya və Hindistan S-400-lərin çatdırılması barədə müqavilə imzalayıb
Bakı, 5 oktyabr, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 5-də Dehliyə səfəri çərçivəsində S-400 “Triumf” zenit-raket sistemlərinin çatdırılması barədə müqavilə imzalanıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Kremlin məlumatına əsasən, burada söhbət 5 zenit-raket sistemi polkundan gedir. Sövdələşmənin həcmi 5 milyard dollardan çoxdur.
Qeyd edək ki, S-400 zenit-raket sistemlərinin Hindistana çatdırılması barədə hökumətlərarası saziş 2016-cı ilin oktyabrında əldə olunsa da, müqavilə bu günədək imzalanmamışdı. Hindistan müqaviləyə ABŞ-ın maliyyə sanksiyaları barədə təhdidlərinə baxmayaraq imza atıb. Belə ki, ötən həftə Vaşinqton Rusiyadan analoji sistemlər alan Çinə sanksiyalar tətbiq edib.
Uzaq və orta mənzilli S-400 “Triumf” zenit-raket kompleksləri bir neçə metrdən onlarla kilometr hündürlükdə saniyədə 4,8 kilometrə qədər sürətlə hərəkət edən strateji və taktiki aviasiyanı, ballistik raketləri, səsdən sürətli hədəfləri, həmçinin istənilən digər hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub. Bu sistemlər 400 kilometr məsafəyədək aerodinamik hədəfləri və 60 kilometr məsafəyə qədər ballistik raketləri vura bilir.