MƏDƏNİYYƏT


Rusiyada jurnalist Səadət Qədirovanın sosial onlayn layihəsinə start verilib

Moskva, 13 mart, AZƏRTAC

Rusiyada azərbaycanlı jurnalist Səadət Qədirovanın müəllifi olduğu sosial onlayn layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, Səadət Qədirova TASS informasiya agentliyinin əməkdaşı, Rusiya Jurnalistlər İttifaqının üzvü, həmçinin AZƏRTAC-ın dəstəyi ilə nəşr olunmuş “Sumqayıt hadisələri barədə ilk mənbədən” kitabının müəllifidir. Onun forma və məzmun etibarilə unikal layihəsinin məqsədi fiziki imkanları məhdud, aztəminatlı və sosial müdafiəsi olmayan ailələrdən olan uşaqlara dəstək göstərməkdir.

Jurnalistin “@kadyrovaonline “Meçtı sbıvayutsya” (Arzular gerçəkləşir) adlı layihəsi YouTube kanalında həyata keçirilir. İctimai-siyasi həyatın bir çox sahələrindən olan məşhur xadimlərlə müsahibələr silsiləsi sayəsində tanınan müəllif öz ideyasını həyata keçirmək üçün yenidən söhbət formatına müraciət edib. Layihənin unikallığı ondadır ki, proqramın hər bir qonağına “Arzular gerçəkləşir” rubrikasında iştirak etməklə, bir uşağın istəyini yerinə yetirmək imkanı verilir.

Səadət Qədirova agentliyə müsahibəsində deyib: “Lotereya vasitəsilə qonaqlarımın hər biri qutudan uşağın arzusu yazılmış stiker çıxarır və bu istəyi yerinə yetirərək sehrbaza çevrilir. Çox xoş idi ki, bizim azərbaycanlı kişilər mənim layihəmdə bir yazı ilə kifayətlənmədilər və proqrama müraciət etmiş bütün uşaqlara hədiyyələr aldılar”. Onun sözlərinə görə, əvvəlcə Azərbaycanın Xalq artisti Emin Ağalarov yaxşı mənada ssenarini “pozaraq”, təkidlə qutunu çevirməyi və bütün uşaqlara hədiyyə almağı təklif edib. Bir gün sonra həmin xeyirxah hərəkəti Azərbaycanın xalq artisti Yusif Eyvazov da təkrarlayıb.

Nisbətən az bir müddətdə fəaliyyətə başlamasına baxmayaraq, artıq tanınmış incəsənət xadimləri, şou-biznes ulduzları, siyasətçilər və biznesmenlər müəllifin qonaqları olublar. Onların arasında Emin Ağalarov, Yusif Eyvazov, Soqdiana, siyasətçi İrina Xakamada, general-mayor Viktor Yeliseyev, rejissor Yeqor Konçalovski və başqaları var. Bütün bunlar işin başlanğıcıdır.

Layihənin müəllifi böyük planlarının olduğunu deyir: “İstərdim ki, hər şeydən əvvəl, ictimaiyyətin diqqətini sosial cəhətdən daha az müdafiə olunan uşaqlara cəlb edim. Eyni zamanda, onların parlayan gözlərini görəndə hədsiz zövq alıram, çünki həqiqətən arzular yerinə yetir. Həm də, əlbəttə, bir jurnalist kimi özümü müsahibə janrında təsdiq etməyə davam etmək mənim üçün çox maraqlıdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.