ELM VƏ TƏHSİL
Rusiyalı jurnalist təcrübəsini azərbaycanlı həmkarları ilə bölüşüb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzeti baş redaktorunun müavini Yelizaveta Ponarina ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-lərin rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və digər istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması olub.
AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə akademiyanın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları iştirak ediblər.
İdarənin rəisi Zülfüqar Fərzəliyev elmin populyarlaşdırılması və təbliği sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyətini qeyd edib, akademiyanın fəaliyyəti ilə bağlı informasiyaların mütəmadi olaraq xarici qəzet və jurnallarda, elektron KİV-lərdə də işıqlandırılmasının Azərbaycan elminin dünyada təbliğində mühüm rol oynadığını bildirib. AMEA-nın “Poisk” qəzeti ilə sıx əlaqələrindən söz açan Z.Fərzəliyev bu mətbu orqanda mütəmadi olaraq Azərbaycan elmi haqqında silsilə materialların yer aldığını, institut və təşkilatların elmi nailiyyətlərindən bəhs edən məqalələrin Rusiya elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandığını deyib.
Z.Fərzəliyev Y.Ponarinanın AMEA-nın Gəncə Bölməsində, Naftalan və Goranboyda aparılan tədqiqatlar, görülən işlərlə yaxından tanış olduğunu bildirib.
Y.Ponarina “Poisk” qəzetinin otuz ilə yaxın tarixinin olduğunu söyləyib və mətbu orqanın fəaliyyəti barədə məlumat verib. Bütün sahələr kimi elmi jurnalistikanın da özünəməxsus xüsusiyyətlərə, qayda və yaradıcılıq sirlərinə malik peşə olduğunu qeyd edən məruzəçi keyfiyyətli materialların ərsəyə gəlməsində əhəmiyyətli rol oynayan zəruri məqamlardan söz açıb. Bildirilib ki, elmi jurnalist statusunu almaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünya görüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.
Sonra qonaq sualları cavablandırıb.