DÜNYA
Rusiyalı nazir: “TurkStream”in dəniz hissəsinin 85 faizi hazırdır
Bakı, 11 oktyabr, AZƏRTAC
“Türk axını” təbii qaz boru kəmərinin (“TurkStream”) dəniz hissəsinin 85 faizi hazırdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.
A.Novak bildirib ki, 2019-cu ilin sonunda boru kəməri ilə qaz nəqlinə başlanacaq: “2019-cu ilin sonuna qədər boru kəmərinin həm quru, həm də dəniz hissəsini tamamlamağı nəzərdə tuturuq”.
Nazir dənizin dibi ilə “Poseidon” adlı başqa bir təbii qaz boru kəməri layihəsinin də nəzərdən keçirildiyini, lakin hələlik yekun qərarın verilmədiyini deyib.
Qeyd edək ki, Rusiyanın “Gazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller ötən həftə deyib ki, “TurkStream”in dəniz hissəsinin tikintisi iki ay ərzində başa çatacaq.
Ümumi uzunluğu 1100 kilometr olacaq “TurkStream” boru kəmərinin dənizdən keçən hissəsi 930 kilometrdir. “TurkStream”in dəniz borularını “Pioneering Spirit” gəmisi düzür. Rusiyanın xüsusi iqtisadi zonasında “TurkStream”in ikinci xətti tikintisi yekunlaşıb. İndiyə qədər iki xətt üzrə 1520 kilometrdən çox boru döşənib.
Rusiya qazını Türkiyəyə və Avropaya çatdıracaq “TurkStream”in əsas rezervini Yeni Urenqoyda çıxarılan təbii qaz təşkil edəcək. Yeni Urenqoyda 12 trilyon kubmetrlik təbii qaz ehtiyatı “Gazprom”un yataqlarındakı ümumi ehtiyatların 70 faizini təşkil edir. Boru kəmərinin ilk xəttinin Türkiyənin təbii qaza olan hazırkı tələbatının təxminən 35 faizini ödəyə biləcək. Kəmərin ikinci xəttinin Türkiyə sularında inşası üçün bütün lazımi icazələr alınıb. Türkiyə “TurkStream”in dəniz hissəsini tikən şirkətdən vergi almayacaq. Türkiyədəki təbii qaz qəbulu terminalı İstanbulun təxminən 100 kilometr qərbində yerləşən Kıyıköy bölgəsində tikilir. Buraya gələn qaz Türkiyənin “Botaş” şirkəti tərəfindən inşa ediləcək xətt ilə Lüleburqazdan beynəlxalq qaz şəbəkəsinə veriləcək.“TurkStream” layihəsi üzrə ikinci xətlə təbii qazın Türkiyə-Yunanıstan sərhədində, İpsala yaxınlarında Avropaya göndərilməsi planlaşdırılır. Lakin bu marşrut hələ ki müzakirə edilir, təbii qazı alacaq və daşıyacaq ölkələrlə danışıqlar aparılır. “Gazprom” cari ildə “Türk axını” layihəsinə 3,2 milyard dollar vəsait sərf edəcək.
Boru kəməri iki xətdən ibarət olacaq və hər biri 15,75 milyard kubmetr təbii qaz daşıyacaq. “TurkStream” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin dəyəri 7 milyard ABŞ dolları qiymətləndirilir. Boru kəməri ilə qaz nəqlinin 2019-cu ilin dekabr ayından başlayacağı gözlənilir.