ELM VƏ TƏHSİL
Rusiyalı şagirdlər UNEC-də təhsil almaqda maraqlıdırlar
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Rusiyada keçirilən beynəlxalq konfransda iştirak ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Rusiya Dövlət Humanitar Universitetinin Domodedovo filialının təşkil etdiyi XII beynəlxalq konfrans “Dövlət strukturları və sahibkarlıq subyektlərinin hüquqi, idarəçilik, humanitar problemləri: Rusiya və beynəlxalq təcrübə” mövzusunda olub.
Tədbirdə Bolqarıstan, Çexiya, Polşa, Serbiya, Slovakiya və digər ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak ediblər. Konfransda dövlət strukturlarında idarəetmə məsələlərinə toxunulub, sahibkarlıq subyektlərinin iqtisadi, hüquqi, etik problemləri müzakirə olunub. Eyni zamanda, dövlət nəzarəti sistemində islahatlar, iqtisadi təhlükəsizlik problemləri, ali təhsil müəssisələrində maliyyə və idarəetmə problemləri barədə fikir mübadiləsi aparılıb.
İqtisad Universitetinin professoru Zahid Məmmədov Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin strateji məqsədlərindən danışıb. Dosent Mirağa Əhmədov “Azərbaycanın əmlak bazarında ipoteka kredit sistemi” barədə çıxış edib.
Səfər çərçivəsində UNEC-in nümayəndə heyəti Domodedovo Şəhər İcra Hakimiyyətinin və deputatlar sovetinin sədri ilə də görüşüblər. Görüşdə sosial sahənin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanlı alimlər, həmçinin Domodedovo şəhərindəki 5 nömrəli gimnaziyada “Bilik iqtisadiyyatının inkişafında universitetlər drayver kimi: dünya təcrübəsi və UNEC modeli” mövzusunda məruzə ilə çıxış ediblər.
Daha sonra məktəblilərə UNEC-in dünya səviyyəli universitetlər sırasına qatılmaq üçün atdığı addımlar barədə ətraflı məlumat verilib.
Rusiyalı şagirdlər dünya təhsil məkanında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini əsas tutaraq UNEC-də təhsil almaqda maraqlı olduqlarını bildiriblər.