ELM VƏ TƏHSİL
Rüstəm Muhamadeyev: BANM-in təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik
Bakı, 26 iyul, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC), Almetyevsk Dövlət Neft İnstitutunun (ADNİ) və “PricewaterhouseCoopers” (“PwC”) şirkətinin nümayəndələri Bakı Ali Neft Məktəbində (BANM) olublar.
BANM-dən AZƏRTAC-a bildirilib ki, Tatarıstan tərəfinin təşəbbüsü ilə baş tutan görüş BANM-də təhsil proqramlarının tətbiqi, istedadlı abituriyentlərin tədrisə cəlb olunması üsulları, məzunların işlə təmin edilməsi, elmi-tədqiqat işləri və ali məktəbin kampusu ilə tanışlıq məqsədilə keçirilib.
Tədbirdə BANM-in rektoru Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin beş il ərzində qazandığı nailiyyətlərdən, mühəndis kadrların hazırlanmasında tətbiq edilən müasir tədris proqramları və texnologiyalardan, tələbələr üçün SOCAR-ın müəssisələrində, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərdə, həmçinin yerli müəssisələrdə təşkil olunan istehsalat təcrübəsindən və ilk məzunlarının uğurlarından danışıb. Rektor BANM-in beynəlxalq əlaqələrindən, dünyanın bir çox tanınmış şirkətləri və universitetləri ilə qurduğu əməkdaşlıqdan da söz açıb. Sonra BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətovun ali məktəbin fəaliyyəti haqqında təqdimatı olub.
“Tatneft” PSC-nin kadr və sosial inkişafı üzrə departamentinin baş direktorun müavini Rüstəm Muhamadeyev çıxışında Tatarıstan-Azərbaycan dostluq əlaqələrindən danışaraq bunun təhsil sahəsinə də sirayət edəcəyinə əminliyini bildirib. “Bakı Ali Neft Məktəbinin qısa müddətdə Azərbaycanın ən nüfuzlu ali təhsil ocağına çevrilə bilməsi bizdə böyük maraq oyadıb. BANM-in təcrübəsini öyrənərək öz ölkəmizdə tətbiq etmək istəyirik”, - deyə R.Muhamadeyev vurğulayıb.
Almetyevsk Dövlət Neft İnstitutunun rektoru vəzifəsini icra edən Robert Nurqaliyev təmsil etdiyi institutun fəaliyyəti və hədəfləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. O deyib: “Almetyevsk Dövlət Neft İnstitutu Tatarıstan Respublikasında neft sənayesi üzrə kadrlar hazırlayan aparıcı təhsil müəssisəsidir. Hazırda bizim komandamız “Tatneft” PSC və “PwC” şirkətləri ilə birlikdə institutun inkişaf strategiyasının üzərində çalışır. Hədəfimiz ADNİ-nin bazasında Rusiyadakı aparıcı neft institutlarını yaratmaqdır”.
Sonda BANM ilə “Tatneft” və Almetyevsk Dövlət Neft İnstitutunun əməkdaşlıq perspektivləri müzakirə edilib. Tatarıstanlı qonaqlar BANM-in Bibiheybətdə yenicə istifadəyə verilmiş kampusundakı təhsil-təlim, sosial-mədəni və idman infrastrukturu ilə tanış olublar.