MƏDƏNİYYƏT
“SABAHINI İTİRMƏYƏN ADAMLAR” KİTABININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda 80-ci illərdə ədəbiyyata gələn, şairlər arasında özünə layiq yer tutan Ədalət Əsgəroğlunun “Adiloğlu” nəşriyyatında yenicə çap olunmuş “Sabahını itirməyən adamlar” kitabının təqdimat mərasimi keçirilmişdir.
AYB-nin katibi Arif Əmrahoğlu mərasimi açaraq, kitabın məziyyətilərindən, şerlərin poetikliyindən, oradakı vətənpərvərlik duyğularından, sadəlik və səmimiyyətdən danışdı, bu şer toplusunu şairin yaradıcılığında uğurlu addım kimi qiymətləndirdi.
Tənqidçi Əsəd Cahangir Ədalətin təqdimat olunan kitabı barədə fikrini bildirdi, həm də bütünlükdə şairin yaradıcılıq yoluna nəzər saldı, onun şerlərinin ətraflı təhlilini verdi.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar, Sibirdə yaşayan şair soydaşımız Mirkazım Seyidov, “Vektor” Beynəlxalq Elmi Mərkəzin rəhbəri Elçin İskəndərzadə və başqaları yeni kitabının işıq üzü görməsi münasibətilə müəllifi təbrik etdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar.