SİYASƏT
SABİRABADLILAR DAĞIDICI MÜXALİFƏTİN QANLI ƏMƏLLƏRİNİN CƏZASIZ QALMAMASINI TƏLƏB EDİRLƏR
Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev mitinqi açaraq bildirmişdir ki, 2003-cü il oktyabrın 15-də ölkəmizdə demokratik, ədalətli, şəffaf və sivil qaydalar əsasında prezident seçkiləri keçirilirdi. Bu seçkilərdə Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev siyasi məktəbinin yetirməsi İlham Əliyev böyük üstünlüklə qələbə çaldı. Sabirabadlılar da öz gələcəyini inandığı, ümid bəslədiyi namizədə - cənab İlham Əliyevə etibar etmişlər.
Lakin prezident seçkilərində mütəşəkkillik və fəallıq nümayiş etdirən, beynəlxalq ictimaiyyət qarşısında yüksək siyasi mədəniyyətə malik olduğunu göstərən xalqımızın seçimini qəbul etmək istəməyən üzdəniraq müxalifət mövcud sabitliyi, əmin-amanlığı pozmaq üçün ixtişaşlar törətdi. Azğınlaşmış müxalifətin hərəkətlərini birmənalı şəkildə pisləyirik. Onların qanun qarşısında cavab verməsini tələb edirik.
Mitinqdə çıxış edən Milli Məclisin deputatı Rafael Qafarov demişdir ki, əvvəlcədən dağıdıcı mövqe seçən İsa Qəmbər başda olmaqla, müsavatçılar və onların tərəfdarları Bakıda iğtişaşlar törətmiş, qan tökmüş, respublikada anarxiya yaratmağa, xalqımızı 1992-ci ilin ab-havasına qaytarmağa, nəyin bahasına olursa-olsun hakimiyyəti mənimsəməyə cəhd göstərmişlər. Əllərində daş, taxta, dəmir və bu kimi soyuq silah tutan, polislərə, əsgərlərə hücum çəkən müxalifət ünsürlərinin hərəkətləri vandalizmdir. İsa Qəmbər, Rauf Arifoğlu, İqbal Ağazadə, Sərdar Cəlaloğlu və digər radikal müxalifət liderləri bu vəhşiliklərə, hüquq pozuntularına rəvac verdilər. Onların gözləri qarşısında insan qanı tökülüb, zorakılığa, dağıntıya yol verilib. Onlar bu ağır cinayət əməllərinə görə cavab verməlidirlər.
Şəhid atası Ziyad Gözəlov, məcburi köçkün Valeh Rzayev, Prezident təqaüdçüsü Fatma Hüseynova, ağsaqqal Seyidabbas Həşimov, fermer Züleyxa Həsənova, müəllim Zərifə Talıbova da çıxışlarında Bakıda baş vermiş iğtişaşları və müxalifətin qanunsuz hərəkətlərinə kəskin etirazını bildirmişlər.
Mitinqin sonunda rayon ictimaiyyətinin nümayəndələri müxalifətin pozucu hərəkətləri ilə bağlı bəyanat qəbul etmişlər.
AZƏRTAC-a daxil olmuş bəyanatda hüquq mühafizə orqanlarından tələb olunur ki, Müsavat Partiyasının fəaliyyəti dayandırılsın, “Bizim Azərbaycan” adlandırılan bloka daxil olan siyasi partiyalar, ictimai qurumlar və onların rəhbərləri haqqında ən qəti tədbirlər görülsün, onların yerləşdiyi ofis və binalar alınaraq xalq üçün daha faydalı məqsədlərə istifadə olunsun. İnsanları yaramaz hərəkətlərə qızışdıran və seçki kampaniyası dövründə də respublika rəhbərlərinə, Azərbaycan ziyalılarına qarşı düşmənçilik mövqeyində dayanan təxribatçı qəzetlərin qeydiyyatı ləğv edilsin, cinayətkarlar qanunun ən ciddiyyəti ilə cəzalandırılsınlar. Bir daha belə halların baş verməməsi üçün sabitliyi pozmaq istəyən ünsürlərə qarşı ən sərt tədbirlər görülsün.
Bəyanat aşağıdakı sözlərlə tamamlanmışdır: “Biz sabirabadlılar Azərbaycan xalqını ayıq-sayıq olmağa, mənfur insanların çirkin əməllərinə qəti cavab verməyə, cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq”.