DÜNYA
SƏDDAM HÜSEYN İRAQDAKI KEÇMİŞ SARAYINDA SAXLANILIR
Səddam Hüseyn hazırda İraqdakı keçmiş saraylarından birində saxlanılır. AZƏRTAC xəbər verir ki, bu məlumatı Müvəqqəti koalisiya hökumətinin hüquq müşavirinə istinadla “Əş-Şərq Əl-Övsət” qəzeti yaymışdır. “İraqın bir nömrəli məhbusu” keçmiş İraq rəhbərliyinin həbs olunmuş digər üzvlərindən ayrı saxlanılır və şəraiti onlarınkından heç nə ilə fərqlənmir.
Həmin mənbə bu yaxınlarda müxtəlif KİV-lərdə yayılmış belə bir məlumatı təkzib etmişdir ki, guya Səddam Hüseyn İraqdan Qətərə aparılmış və hazırda orada ABŞ-ın hərbi bazalarından birində saxlanılır.
Müşavirin sözlərinə görə, Hüseynin tələbi ilə ona hər gün kağız və qələm verilir. Onun nə yazdığını bilənlərin sayı isə çox məhduddur.
İraqın sabiq prezidenti ölkədə son vaxtlar baş verən hadisələrdən tamamilə təcrid olunmuşdur. Müdafiə üçün ona yalnız İraqda indiki vəziyyətlə heç bir əlaqəsi olmayan, tarixə dair kitablar verilir.
Bununla belə, Səddam Hüseyn öz həyatı üçün çox narahatdır, ona qarşı irəli sürülən ittihamlarla razılaşmır və özünü, əvvəlki kimi, İraqın qanuni prezidenti hesab edir.