QAN YADDAŞI
“SƏHƏR” - GÜLLƏLƏNMİŞ QƏZET
Məzahir Süleymanzadə. “20 Yanvar:
Güllələnmiş qəzet”. “Nurlan”, 2010.
“Nurlan” nəşriyyat-poliqrafiya müəssisəsində Məzahir Süleymanzadənin “20 Yanvar: Güllələnmiş qəzet” kitabı çapdan çıxmışdır. Kitab faciənin 20 illiyinə həsr olunmuşdur. Nəşrə yazıçı-jurnalistin baş redaktoru olduğu, 1990-cı il 20 Yanvar qırğınından dərhal sonra informasiya blokadasını yararaq 2 milyon tirajla nəşr olunmuş “Səhər” qəzeti haqqında xatirələri, müsahibələri, müəllifin 20 ildən sonra qanlı hadisələrə münasibətini əks etdirən digər materiallar daxil edilmişdir.
Kitab “Səhər” qəzetinin bəyanatı ilə açılır. Bəyanatda oxuyuruq: “Bakı qan içində, bütün dünyadan təcrid olunmuş vəziyyətdədir. “Səhər” qəzetinin əməkdaşları fövqəladə vəziyyət şəraitində öz həyatlarını təhlükə qarşısında qoyub materiallar hazırlayırlar. İndiki şəraitdə qəzet buraxmaq mümkün olmadığı üçün həmin materialları müxtəlif vasitələrlə xarici kütləvi informasiya vasitələrinə göndərməyə çalışırıq. Ümid edirik ki, dünya ictimaiyyəti günahsız xalqımıza qarşı törədilən vəhşilikdən xəbər tutacaq, öz etiraz səsini ucaldacaqdır”.
Sənəd 1990-cı il yanvarın 20-də Məzahir Süleymanzadənin iş otağındakı hökumət telefonu vasitəsilə SSRİ-nin bütün müttəfiq respublikalarına çatdırılmış, Tbilisidən nüfuzlu beynəlxalq informasiya agentliklərinə göndərilmişdir.
Kitabda oxucuların marağına səbəb olacaq məlumatlar çoxdur. Bu məlumatlardan biri “Ruhunuz şad olsun!” fəslində verilmişdir. Burada xatırladılır ki, 20 Yanvar şəhidlərinin siyahısı ilk dəfə “Səhər” qəzetinin 1990-cı il 3 fevral tarixli nömrəsində dərc edilmişdir. “Biz bir neçə etibarlı mənbəyə, xüsusən Səhiyyə Nazirliyinə istinad edərək bu siyahını hazırlamışdıq, - deyə M.Süleymanzadə xatırlayır. - Həmin nömrədə 20 Yanvar qırğını zamanı yaralananların da siyahısı “Səhər”in oxucularına təqdim olunmuşdu. Sonralar müvafiq orqanlar tərəfindən şəhidlərin siyahısı dəqiqləşdirildi. Nəhayət, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 137 Vətən övladına “20 Yanvar şəhidi” adı verildi”.
Nəşrdə o da yada salınır ki, əslində 20 Yanvar qırğını barədə birinci sözü ümummilli liderimiz Heydər Əliyev söyləmişdir. Müəllif bu barədə “Moskvadan gələn səda” fəslində söz açır. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində Heydər Əliyevin verdiyi bəyanatı “Səhər”çilər tərcümə edib şəhərdə yaymışdılar.
Yeri gəlmişkən, “Səhər”in nəşr etdirdiyi “Qətiyyətin təntənəsi” kitabında bu barədə geniş məlumat vardır.
“20 yanvar: Güllələnmiş qəzet” kitabının “On il sonra”, “Söz abidəsi”, “Şəhid qəzet”, “Vətən bu gün ağı deyir”, “Qırx gün yas saxladıq”, “Jurnalistika qəhrəmanlığı”, “Sağalmaz söz yarası” fəsilləri də faktlarla zəngindir və maraqla oxunur. Müəllif 1990-cı ilin qanlı yanvar günlərində “Səhər” qəzetinin çıxarılmasında əməyi olan jurnalistləri “Başdaşı” fəslində xatırlayır. Qeyd edir ki, bu adlar güllələnmiş, şəhid olmuş “Səhər” qəzetinin başdaşına əbədi həkk olunmuşlar.
Fotoşəkillərlə zəngin kitabın redaktorları Mahir Süleymanov və professor Nadir Məmmədlidir.
######