İQTİSADİYYAT
SAHİBKARLIĞIN İNKİŞAFINI SÜRƏTLƏNDİRMƏK ÜÇÜN
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə nazirliyin və digər icra orqanlarının nümayəndələrindən ibarət işçi qrupları yaradılmışdır. Proqramın həyata keçirilməsi mexanizmini müəyyənləşdirən bir sıra hüquqi sənədlər hazırlanmış və dövlət qeydiyyatına alınmışdır. Kiçik və orta sahibkarların sərmayə təklifləri üzrə yaradılmış məlumat bankına 200-dək məlumat daxil edilmişdir.
İnhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və azad rəqabət şəraitinin yaradılması, sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bunun üçün ilk növbədə antiinhisar qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində işlər görülür. Azərbaycan Respublikasının “Antiinhisar Məcəlləsi”nin hazırlanması başa çatmaqdadır. Bütün bunlar ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcəkdir.