İDMAN
ŞƏHİD MÜŞFİQ İSAYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR BAŞLANMIŞDIR
Gənclər, İdman və Turizm Nazirliyinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Güləş Federasiyasının keçirdikləri turnirdə ölkəmizin bütün şəhər və rayonlarından, eləcə də Rusiya, Gürcüstan və İrandan 300-ə yaxın yeniyetmə mükafatlar uğrunda mübarizə aparacaqdır.
Yarış iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar. Sonra onlar Şəhidlər xiyabanında dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini yad etmiş, “Əbədi məşəl” abidəsi önünə əklil qoymuşlar.
Turnirin təntənəli açılış mərasimində gənclər, idman və turizm nazirinin müavini Asif Əsgərov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, “Gömrükçü” İSM-nin baş direktoru, şəhid Müşfiq İsayevin qardaşı Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Cavanşir Qurbanov çıxış edərək, artıq 7 ildir keçirilən bu beynəlxalq turnirin əhəmiyyətindən danışmış, gənclərin vətənpərvərlik tərbiyəsində bu cür tədbirlərin vacibliyini vurğulamışlar.
Turnirin qalibləri yanvarın 19-da məlum olacaqdır.