İQTİSADİYYAT
SƏHMDAR CƏMİYYƏTLƏRİN SƏHMLƏRİNİN SATIŞI SÜRƏTLƏNDİRİLİR
Özəlləşdirilən müəssisələrdə əmək kollektivlərinin hüquq və mənafelərinin qorunması, əhalinin özəlləşdirmədə daha fəal iştirakının təmin olunması, hərracların aşkarlıq və şəffaflıq şəraitində keçirilməsi diqqət mərkəzində saxlanılır. Hərraca çıxarılan müəssisələr haqqında zəruri məlumatlar əvvəlcədən kütləvi informasiya vasitələrində və komitənin internet sayıtında yerləşdirilir.
Bunun nəticəsidir ki, 2006-cı ilin dörd ayı ərzində keçirilmiş hərraclarda 50-yə yaxın səhmdar cəmiyyətinin səhmləri satılmışdır.
Səhmlərinin hamısı və yaxud da bir hissəsi dövlətə məxsus səhmdar cəmiyyətlərində dövlət əmlakının qorunub saxlanılması, ondan səmərəli istifadə olunması vəziyyətinin araşdırılması, istehsal fəaliyyətlərinin öyrənilməsi, eləcə də özəlləşdirmə imkanlarının təhlil edilməsi məqsədi ilə 250-ə yaxın səhmdar cəmiyyətində monitorinq aparılmışdır.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin başlıca məqsədi özəlləşdiriləcək müəssisələrə sərmayə qoyuluşlarının artırılması və yeni iş yerlərinin açılması, eləcə də səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi nəzərdə tutulmuş müəssisələrin səhmlərinin satışından dövlət büdcəsinə daxilolmaların həcminin artırılmasıdır.