MƏDƏNİYYƏT
ŞAİRİN 70 İLLİK YUBİLEYİ QEYD OLUNMUŞDUR
Mərasim iştirakçıları, əvvəlcə, Həmid Abbasın həyat və fəaliyyətinə həsr edilmiş foto stendlə tanış olmuşlar.
Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova ömrünün 18 ilini həmkarlar təşkilatının inkişafına həsr etmiş Həmid Abbası işgüzar, bacarıqlı təşkilatçı, xeyirxah, səmimi, təvazökar, tələbkar olduğu qədər də ürəyiyumşaq bir insan kimi səciyyələndirmişdir. Bildirmişdir ki, uzun müddət Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə rəhbərlik etdiyi müddətdə o, beynəlxalq təşkilatların tədbirlərində ölkəmizi ləyaqətlə təmsil etmişdir. O, həm də istedadlı şair, 12 şeir toplusunun və publisistik kitabın müəllifi idi.
Elm, ədəbiyyat və incəsənət xadimlərinin iştirakı ilə keçirilən tədbirdə akademik Teymur Bünyadov, xalq artisti Nurəddin Mehdixanlı, Qazax Xeyriyyə Cəmiyyətinin sədri Vidadi Bayramov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı və başqaları Həmid Abbasın yaradıcılığının və şəxsiyyətinin bəzi məqamlarından söz açmış, onunla bağlı xatirələrini söyləmişlər.
Tədbirdə incəsənət ustalarının ifasında şairin sözlərinə yazılmış mahnılar, şeirlərindən parçalar səslənmişdir.