MƏDƏNİYYƏT
“ŞAİR HAQQINDA BALLADA” VƏ “KATARSİS” FİLMLƏRİNƏ İCTİMAİ BAXIŞ KEÇİRİLMİŞDİR
“Şair haqqında ballada” filmi mərhum şair, əməkdar incəsənət xadimi Tofiq Bayramın həyat və yaradıcılığına həsr olunmuşdur. Filmin müəllifi gənc rejissor Elşən Zeynallı, bütünlükdə, həyata, doğma xalqına və yaşadığı mühitə həssaslıqla yanaşan şairin bədii obrazını yaratmışdır. O, Tofiq Bayramı dövrünün ideallarına qəlbən inanan, nəhayətdə isə, puç bir ideala xidmət etdiyini dərk edən sənətkar kimi göstərmiş, bu faciəni dərk edə-edə yaşayan yaradıcı insanın psixoloji aləminin ekran həllini verməyə çalışmışdır. Filmdə şairin yaradıcılığının ana xətti olan torpaq, yurd sevgisi ön plana çəkilmiş, keçmiş sovet rejiminə inamsızlıq, torpağın və milli mənəviyyatın itiriləcəyi xofu və baş verəcək faciədən narahatlıq hissləri tamaşaçıda heyrət doğurur.
“Katarsis” filminin müəllifi, gənc rejissor Yusif Quluyev 1988-ci ildən bəri xalqımızın başına gələn müsibətləri bir nəfərin timsalında təcəssüm etdirməyə çalışmışdır. Qarabağ müharibəsi başlanandan döyüşlərin qaynar nöqtələrində olan bu insan mənən təmizlənmək istəyir. Nəhayət 1988-ci ildə anadan olmuş uşağın mənəvi dünyasına girir və çildağ olunur. Qəhrəman çildağ olunduqca, Azərbaycanın dərdləri bir-bir ekrana çəkilir. Rejissor bu hadisələrə özünəməxsus ekran həlli vermişdir. Əsərin adı da mənəvi təmizlənmə ilə bağlıdır.
Kinematoqrafçılar İttifaqının katibi Cəmil Quliyev, ayrı-ayrı yaradıcılıq təşkilatlarının nümayəndələri çıxış edərək, bu filmləri son dövr kinomuzun müsbət hadisəsi kimi qiymətləndirmişlər.