İDMAN
ŞƏKİDƏ BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM EDİR
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş 5 mart - Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Şəkidə müxtəlif idman yarışları, tanınmış idmançılarla görüşlər və bayram tədbirləri keçirilir.
Şəhər gənclər və idman idarəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirlər planına uyğun olaraq, milli idman növlərindən olan nərd yarışları və karatenin cui-citsu növü üzrə şəhər birinciliyi artıq başa çatmışdır.
Hazırda ümumtəhsil məktəblərinin oğlan və qızlardan ibarət komandaları arasında basketbol üzrə şəhər birinciliyi davam edir.
Bundan əlavə, əlamətdar gün münasibətilə martın 5-də idman ictimaiyyəti ilə şəhər rəhbərliyinin görüşü olmuşdur. Tədbirdə 2006-cı ildə idman sahəsində qazanılan uğurlar və qarşıda duran vəzifələrdən söhbət açılmış, habelə respublika və beynəlxalq miqyaslı yarışlarda yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılmışlar.