İDMAN
ŞƏKİDƏ YENİ İDMAN QURĞUSU İSTİFADƏYƏ VERİLMİŞDİR
Keçən əsrin 80-ci illərindən tikintisi yarımçıq qalmış bu idman kompleksi daxili imkanlar hesabına müasir standartlara uyğun yenidən qurularaq, Şəkinin idman ictimaiyyətinin ixtiyarına verilmişdir.
Toplantıda Şəki Şəhər Gənclər, İdman və Turizm İdarəsinin rəisi Vüqar İsgəndərov, “İpəkçi” voleybol klubunun rəhbəri Vüqar Həsənov və başqaları yeni idman qurğusunun istifadəyə verilməsində əməyi olan bütün dövlət qurumlarına, şəhər bələdiyyəsinə, ayrı-ayrı əmək kollektivlərinə rayonun idman ictimaiyyəti adından minnətdarlıqlarını bildirmişlər.
Şəki şəhər icra hakimiyyətinin başçısı Nazim İbrahimov respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına ölkəmizin rəhbərliyi tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini bildirmiş, bu sahədə qazanılan uğurlarda Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini və xidmətlərini xüsusi qeyd etmişdir.
Sonra yeni idman kompleksində kişilər arasında voleybol üzrə Azərbaycan çempionatının yüksək liqa oyunlarının 3-cü turuna start verilmişdir. Meydan sahibləri Şəkinin “İpəkçi” və Bakının “Rabitə” komandalarının maraqlı idman mübarizəsi şəraitində keçən görüşündə paytaxt voleybolçuları 3:1 hesabı ilə qalib gəlmişlər.