REGİONLAR
“ŞƏKİ-İPƏK” ASC-DƏ BARAMA TƏDARÜKÜ DAVAM EDİR
Cəmiyyətin idarə heyətinin sədri Elman Qarayev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, gələcəkdə müəssisənin xammala olan tələbatının tam ödənilməsini təmin etmək üçün “Şəki-İpək” respublikamızın ayrı-ayrı rayonlarında baramaçılığın inkişafı ilə bağlı tədbirlər həyata keçirir. Yaponiya və Çindən 152 kiloqramdan artıq cins ipəkqurdu toxumu gətirilərək, 14 rayonda kümçülərə paylanmışdır. Hazırda həmin rayonlarda 3 mindən artıq ailə yeni iş yerləri əldə etməklə barama istehsalı ilə məşğul olur.
Baramaçılığın yem bazasını daha da möhkəmləndirmək üçün “Şəki- İpək” ASC-nin rəhbərliyi Özbəkistandan 2,5 milyon ədəd tut tinginin alınması barədə müqavilə bağlamışdır. Bu ilin yazında 1,1 milyon ədəd ting gətirilərək Şəki-Balakən bölgəsi rayonlarının təsərrüfatlarında əkilmişdir. Tinglərin qalan hissəsinin payızda gətirilərək respublikamızın aran rayonlarında əkilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, bu il Çindən 20 kiloqram tut tingi toxumu da gətirilərək, baramaçılıq rayonlarında yerli şəraitə uyğun tut ağaclarının becərilməsinə başlanılmışdır.